Qoluna bağla qara, Qarabağa ağla tarım,
Naləmi qoş qatara çək o dağa ağla tarım.
Bakıda hər gecə əyləncəli kef məclisinə,
Qarabağda neçə sönmüş ocağa ağla tarım.
Nə qədər sən demə biganəsi varmiş vətənin,
On beş ildir yerə girmiş papağa ağla tarım.
Neçə gülçöhrə əsir oldu o məlun yağıya,
Səslə əsgərləri qaldır ayağa ağla tarım.
Türkün əzalarını əcnəbi xaricdə satır,
Bu böyük dərdə uzağdan-uzağa ağla tarım.
Xislətindən gələn arsızlıqa rişxənd ilə gül,
Həsrətindən gözü dolmuş bulağa ağla tarım.
Bir elin dərdini bir tel çəkə bilməz bilirəm,
Qəmli tellər çəkən hər pir aşığa ağla tarım.
Pünhanın haqq sözü eldən-elə pərvaz eləyir,
Qonmasa gərçi dodağdan-dodağa ağla tarım.
• 2005-09-28 22:30:38 - Baba Punhan