(səyahətnamə)
Və Bakıdan bölgələrə səfər edən prezident korteji rayonun mərkəzinə yaxınlaşmaqda idi. Yeri göyü inlədən “İlham-İlham” sədaları tükənmək bilmir, hətta düşmən cəbhəsinə də yayılaraq erməni ordusunda vahiməyə səbəb olmuşdur. Bəzi mənbələrdən damcılayan məlumata görə düşmən atəşkəsin pozulduğunu zənn edərək Azərbaycan hakimiyyətinə məktub ünvanlamışdır. Məktubda deyilir: “Cənab, hörmətli, dahi ölməz şəxsiyyət Heydər Əliyevin miras qoyub getdiyi atəşkəs sazişini pozaraq, kişinin ruhuna xəyanət etmisiniz, bunun üçün sizi qınayırıq”.
Rayonun mərkəzinə yetişən Azərbaycanın birinci ərkeyi cənab İlham Əliyev cənabları sabunqayırma fabrikinin açılışında iştirak etmişdir. Sabunun əhalinin ictimai, mədəni, siyasi, sosial və ümumiyyətlə bütün sahələrdə geniş surətdə istifadə olunduğunu və vacibliyini vurğulayan prezident sabunun adının “Hacı Heydər” olduğunu təqdirəlayıq qarşıladığını qeyd etmişdir. “Vətənimizin göyçək və bakirə sabitliyinin tükünə də toxunula bilməz” deyən gənc və perspektivli lider havanı yumruqlayaraq radikal müxalifətə radikal meydan oxumuşdur. Əsəblərini cilovlaya bilməyən Azərbaycan Olimpiya komitəsinin prezidenti havanı güləş fəndi ilə məğlub etmişdir. İqtisadiyyatın işıq surəti ilə irəlilədiyini, onun üçün də heç kim tərəfindən müşahidə oluna bilmədiyini və hər gün 100 minlərlə iş yerinin açıldığını qeyd edən hörmətli, möhtərəm prezident əhalinin 40%-nin yoxsul və müflis olmasına heyfsləndiyini bildirmişdir. Azərbaycanın tez bir zamanda sülh yolu ilə torpağlarının işğaldan azad ediləcəyini, lazım gələrsə hərbi geyim geyinib ali baş komandan kimi ilk dəfə cəbhə mühütünə yollanacağını qətiyyətlə ərz etdikdən sonra mərhum fəqət ölməz şəxsiyyət Heydər Əliyevin büstünün açılışına qatılmışdır. Evsiz-eşiksiz, köçkün-didərgin qaçqınların təkidi, istəyi və vəsaiti nəticəsində ərsəyə gələn heykəl üçün öz minnətdarlığını bildirdikdən sonra heykəlin önündə xatirə şəkli çəkdirmişdir. Sonra “Heydər Əliyev adına muzeyi”, Heydər Əliyev adına güşəni”, “Heydər Əliyev adına parkı”, “Heydər Əliyev adına küçəni”, “Heydər Əliyev adına idman kompleksini” və “Heydər Əliyev adına qəbristanlığı” ziyarət etmişdir.
Daha sonra bazara yollanaraq pendir, balqabağ, qatığın dadına baxaraq satıcıya:
- Sən burda nə edirsən?
- Alver edirəm cənab Prezident.
- Əccəb edirsən – deyərək dahiyanə dialoqun səbəbkarı olmuşdur.
Ən sonda xalqla görüşən İlham Əliyev cənabları şikayət məktublarının hücümuna məruz qalmış və buyurmuşdur: "Şikayətlərdən məlum olur ki, əhalinin ciddi problemi yoxdur. İnsanlar əsasən, şəxsi problemlərinin həllini istəyirlər. Məsələn, kiminsə ailəsində xəstəsi var, kiminsə uşağı ödənişli əsaslarla oxuyur və sairə. Bu o deməkdir ki, ölkədə ciddi problemlərin əksəriyyəti artıq həll olunub". (!)
Fısqırıq Xəbər Agentliyi
|